​​​​​​​Azadə Novruzova'nın kaleme aldığı yazı

​​​​​​​Azadə Novruzova'nın kaleme aldığı yazı şöyle:

Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzura səfərinə Ermənistanın revanşist qüvvələri tərəfindən verilən reaksiya tamamilə qəbuledilməzdir.

 

Azadə Novruzova

şair, publisist, Prezident mükafatçısı,

Qərbi Azərbaycan İcması Qadınlar Şurasının üzvü,

Qarakilsə rayonu Şəki kənd İcmasının sədri

 

 

Bu fakt bir daha aydın şəkildə sübut edir ki, Ermənistan rəhbərliyi və cəmiyyəti sülh prosesində qeyri-səmimidir.

Qarabağ Azərbaycanın suveren və ayrılmaz ərazisidir. Beynəlxalq diplomatların bu ərazilərə səfəri Ermənistanın işğal dövründə Azərbaycanın tarixi və mədəni abidələrini məqsədyönlü şəkildə necə məhv etdiyini bir daha yerindəcə təsdiqlədi. Erməni cəmiyyətində Azərbaycan torpaqlarında əsrlər boyu mövcud olmuş Qafqaz Albaniyasının irsinin inkar edilməsi açıq-aşkar irqçilik və etnobioloji dözümsüzlük təzahürüdür. Qafqaz Albaniyasının bu torpaqlardakı tarixi meyar və varlığı dunya tarix elminə yaxşı məlum olan, şübhə doğurmayan bir həqiqətdir.

Səfərlə bağlı Ermənistan mediasında və sosial şəbəkələrdə geniş vüsət alan qarayaxma kampaniyasının təhlili göstərir ki, bu təxribatın arxasında birbaşa Ermənistanın rəsmi hakimiyyəti dayanır. Paylaşılan məqalələr və dezinformasiya xarakterli materiallar məhz hakim partiyaya yaxın media resursları vasitəsilə dövriyyəyə buraxılıb.

Bununla yanaşı, Ermənistanın Qərbi Azərbaycanda xalqımızın minilliklər ərzində yaraddığı zəngin mədəni irsi – tarixi abidələri, məscidləri, yaşayış məntəqələrini və qəbiristanlıqları sistemli şəkildə dağıdıb yerlə-yeksan etməsi inkaredilməz faktdır. Bu vandallıq aktları beynəlxalq hüququn, o cümlədən 1954-cü il Silahlı münaqişə zamanı mədəni dəyərlərin qorunması haqqında Haaqa Konvensiyasının və UNESCO-nun müvafiq qərarlarının kobud şəkildə pozulması deməkdir. Regionun tarixi-mədəni mənzərəsini saxtalaşdırmaq və yenidən yazmaq cəhdi Ermənistanın destruktiv siyasətinin tərkib hissəsidir.

Dediklərimi konkret faktlarla əsaslandıraraq, anadan olduğum Qərbi Zəngəzurun Qarakilsə rayonunun Şəki kəndindəki qəbiristanlıqda babam Səfərov İbadulla Beydulla oğlunun və Seyid MirAğanın dəfn mərasimlərində çəkilmiş tarixi fotoları təqdim edirəm. Həmin qəbiristanlıq hazırda Ermənistan tərəfindən tamamilə yer üzündən silinmişdir.

Əgər Ermənistan tərəfi əksini iddia edirsə, buyursun, bunu təkzib edən tutarlı fakt təqdim etsin. Məndə həmin qəbiristanlığın 1988-ci ilə – soydaşlarımızın deportasiyasına qədər mövcudluğunu sübut edən digər təkzibedilməz dəlillər və arxiv sənədləri də mövcuddur.

 

 

 

 

1-ci şəkil Seyid MirAğanın dəfn mərasimi, Qarakilsə rayonu, Şəki kənd qəbirstanlığı.

 

 

 

 

2-ci şəkil Səfərov İbadulla Beydulla oğlunun dəfn mərasimi, Qarakilsə rayonu, Şəki kənd qəbirstanlığı.